"Ermənistanın bütün iddiaları fiaskoya uğrayacaq" — AÇIQLAMA

SİYASƏT 24 apr 2024, 15:48
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində məsələ qaldırıb. Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki,  Azərbaycan Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir.

Məsələ ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistan Azərbaycana qarşı qaldırdığı iddialarla heç nəyə nail ola bilməyəcək:

“Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində məsələ qaldırıb, amma bundan öncə Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın tələblərinin pozulması ilə bağlı Azərbaycana qarşı iddia qaldırdı. Bir neçə gündür bu məsələlər ardıcıl olaraq dinlənilir.  Ermənistan əvvəllər də irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı Azərbaycana qarşı iddialar qaldırmışdı. Bu iddiaların hamısı absurddur və təmin edilməyib. Yalnız bir halda həm Azərbaycana, həm də Ermənistana tövsiyə olunurdu ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi ilə bağlı addımlar atılsın. 

İndi Ermənistan həyasızcasına, utanmadan bu addımları atır. Ən azı dörd kəndimizin Azərbaycana qaytarılması ilə bağlı ermənilərin hay-küyü, erməni kilsəsi nümayəndələrinin sərhədə gəlməsi, polislərə hücum, bizdən vaxtı ilə oğurladıqlarını dinc yolla qaytarmaq istəməmələri, türkçülüyə qarşı şüarlar səsləndirmələri Ermənistan ictimaiyyətinin iç üzüdür”.

Ekspert əlavə edib ki, bu günə qədər 3800-dən yuxarı əsir və itkin düşmüş vətəndaşlarımızın taleyi hələ də məlum deyil:

“30 il torpaqlarımızı işğal altında saxlayan zaman tarixi, mədəni və dini abidələri məhv edən bir dövlət hansı ədalətdən danışa bilər ki? 

Hələ də ərazilərimizin minalardan təmizlənməsi prosesi gedir. Mülki əhalinin və həmin ərazilərdə abadlıq və quruculuq işləri ilə məşğul olan şəxslərin minaya düşüb həlak olmasının, yaralanmasının şahidiyik. Mina xəritələrini bu günədək Azərbaycana verməyən Ermənistan hansı ədalətdən danışa bilər? 

Azərbaycan dövlətini təmsil edən Elnur Məmmədov dəfələrlə bu cür proseslərdə qalib gəlib. Yeni dinləmələr zamanı da Ermənistanın iddiaları fiaskoya uğrayacaq. Azərbaycan təmsilçisi tərəfindən həqiqətlərin Beynəlxalq Ədalət Məhkəməsinə çatdırılması və ermənilərin iddialarının rədd edilməsinin şahidi olacağıq”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top