Yaşayış tərzimizə diqqət etməliyik — Ürək xəstəlikləri cavanlaşıb

SOSİAL 24 apr 2024, 16:30
Son illər Azərbaycanda ürək çatışmazlığından ölüm sayında kəskin artım müşahidə olunur. Təəssüf ki, ürək xəstəlikləri cavanlaşıb, artıq gənclər arasında da bu xəstəliyin əlamətlərinə rast gəlinir. 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda digər ölkələrlə müqayisədə ürək-damar xəstəliklərinin intensivliyi yüksəkdir.

Onun sözlərinə görə, ölüm halları arasında da ürək-damar xəstəlikləri digər xəstəlikləri üstələyir: 



"Bu, düşündürücüdür. Gənclər arasında da bu xəstəliyin yayıldığını görürük. Ürək xəstəliklərini azaltmaq üçün ilk növbədə yaşayış tərzinə diqqət edilməlidir. Azərbaycanda qidalanma mədəniyyəti özünəməxsus şəkildədir. Azərbaycan mətbəxi zəngindir və tarixdən gələn qədim yaşayış tərzinə uyğunlaşdırılıb. O zamanlar insanlar daha aktiv həyat yaşayırdılar, mətbəx də buna uyğun idi. 

Müasir dövrdə aktivlik azalıb, qidalanma isə bununla disbalans təşkil edir. Artıq çəki maddələr mübadiləsinin pozulmasına və ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. 

Sovetlər Birliyi dağılandan sonra Azərbaycan bir müddət dünya səhiyyə standartlarından geri qaldı. Amma indi vəziyyət dəyişir. Səhiyyə sistemi son bir neçə ildə inkişaf edib, müxtəlif xəstəliklər müalicə olunur. Amma insanlar özləri də sağlamlıqlarının keşiyində durmalıdırlar".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top