Bakıda ər arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

KRİMİNAL 29 apr 2024, 18:28
Bakının Nərimanov rayonunda 1990-cı il təvəllüdlü Sərxan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sevilə (adlar şərt göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sərxan kirayə yaşadığı mənzildə köynəyinin ütülənməməsi səbəbi ilə aralarında yaranmış mübahisə zamanı arvadı Sevilin sifət nahiyəsindən qəsdən əli ilə vurub, boğazından tutaraq kənara itələyib. Ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib. 

Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verəm Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2016-ci ildə Sevil ilə ailə qurub və birgə nigahlarından 3 övladları anadan olub: “Ailə qurduqdan sonra Astara rayonunun kəndində valideynlərim ilə birlikdə yaşamışıq. Lakin ailə daxili söz söhbətlər çox olduğundan 2020-ci ildə Sevil və uşaqlarımız ilə birlikdə Bakı şəhərinə köçdük, hazıradək kirayə yaşayırıq. Daimi iş yerim olmadığı üçün müxtəlif yerlərdə fəhlə kimi çalışıram və yeni olaraq paltar satışı mağazasına satıcı kimi işə qəbul oldum. Yoldaşım isə marketdə satıcı işləyir. Ailədə maddi durum pis olduğu üçün tez-tez mübahisələrimiz olur”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, səhər saat 10 radələrində işə getmək istəyən zaman, köynəyinin ütüsüz olduğunu görüb: “Bu səbəbdən Sevil ilə aramızda mübahisə yarandı. Onun ünvanına söyüş işlətdim. Bundan sonra Sevil üzərimə gəldikdə əsəblərimi cilovlaya bilmədim. Onun sifət nahiyəsindən əlim ilə zərbə vurdum, boğazından tutaraq kənara itələdim. Seviı ağladığı üçün evi tərk edərək işə getdim. Bundan sonra mənə məlum oldu ki, Sevil barəmdə polisə şikayət edib”. 

Zərərçəkmiş qeyd edib ki, əri Sərxan tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Onun sözlərinə görə, boşanmaq üçün ərizə ilə Astara Şəhər Məhkəməsinə müraciət edib və hazırda məhkəmə prosesi gedir. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onun barəsində qanuni tədbir görülməsini və ona ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yerini axşam saat 22.00-dan növbəti gün səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top