Yurdunun adını ucaldan şair — “Namiq Hacıheydərlinin xatirəsi ədəbiləşdirilməlidir”

GÜNDƏM 29 apr 2024, 18:56
Xəbər verdiyimiz kimi Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair, publisist Namiq Hacıheydərli aprelin 27-də qəfil vəfat edib. O, doğulduğu Salyan rayonunda torpağa tapşırılıb. Sosial şəbəkələrdə şairin yaxınları, sənət dostları onun vəfatı ilə bağlı kədərini bölüşür, xatirələrdə mərhum şairi yad edirlər. 

Əməkdar incəsənət xadimi şair, publisist Qəşəm Nəcəfzadə də mərhum qələm sahibinin şəxsiyyəti, poeziyası ilə bağlı düşüncələrini Demokrat.az-a açıqlamasında dilə gətirib:

“Namiq Hacıheydərli çox gözəl insan və istedadlı şair idi. Yurdun dərdləri ilə yüklənmiş, mənalı şeirlər yazan, vətənini, xalqını, ölkəsinin insanlarını ürəkdən sevən əvəzsiz bir insan idi. Qəfil vəfatı bizləri çox sarsıtdı, çox üzüldüm. Allah rəhmət eləsin. 

Doğulduğu, yaşadığı Salyan rayonunda, Salyanın Varlı kəndində adının əbədiləşdirilməli olduğunu düşünürəm. Sənət, söz sahiblərinə qiymət verməliyik. Şair və yazıçılar yaşadıqları yerin adını ucaldırlar. Harada sənət adamı yaşayırsa, həmin bölgə onun adı ilə tanınır. Salyan da Namiq Hacıheydərlinin adı ilə tanınırdı. Ədəbiyyat, mədəniyyət, poeziya nöqteyi-nəzərindən mərhum Namiq Hacıheydərli Xəlil Rza Ulutürkün, Oqtay Rzalının davamçısı idi”.      

Qeyd edək ki, bir neçə gün öncə komaya düşən Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. Türkçü şair “Ey türk doğulan”, “Muğanın səsi” kitabları da daxil olmaqla 7 kitabın, yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin yaradıcısı və ilk sədri olub. Bununla belə şairin dəfnində Yazıçılar Birliyinin İdarə Heyətindən bir nəfərin belə iştirak etməməsi təəssüf doğurur. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top