AZƏRTAC-ın əməkdaşları şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət etdilər — FOTO

MEDİA 01 may 2024, 16:17
Onu həmişə xatırlayırıq. Amma üç təqvim günü bizim üçün daha çox şəhid Məhərrəm İbrahimovun adı ilə bağlıdır.

Məhərrəm mayın 1-də dünyaya gəlsə də, doğum şəhadətnaməsində bu tarix aprelin 16-sı göstərilib... Onun adı ilə bağlı digər gün iyunun 4-dür: Məhərrəmi həmin gün itirmişik...

Biz bu təqvim günlərindən üçünü də qeyd edirik. İkisini yaddaqalan tarix, birini isə kədərli hadisə kimi...

Məhərrəm İbrahimovu tanıyan hər kəs bilir ki, kədər ona yaraşmırdı - o, həmişə və hər yerdə gülərüz, deyib-gülən idi. Toy məclislərində şux rəqsləri, dost-tanış məclislərində zarafat və atmacaları ilə yaddaşımızda silinməz izlər qoyan həmkarımızı heç cür susqun və kədərli təsəvvür etmək olmur...

Onu həmişə maraq və intizarla gözləyərdik. Gəlişi ilə qaynar bir ortam, xoş ovqat yaradardı. Ona nə kədər yaraşırdı, nə də ölüm...

İyunun 4-ü isə yaddaşımızda qapqara rənglərlə qalıb. O gün...

O gün ki, Məhərrəm bir quş kimi uçub əbədiyyətə qovuşdu...

2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndinə gedərkən yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində içərisində 7 nəfər olan hərbi maşının az qala külü göyə sovruldu. Dəhşətli və amansız partlayış nəticəsində iki həmkarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi şəhid oldu, mülki şəxslər yaralandı.

İşğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini 2020-ci ilin noyabrından dolaşaraq peşə fəaliyyətini yerinə yetirən AZƏRTAC-ın müxbirinin ömür yolu həmin gün qırıldı.

Məhərrəmin 39 yaşında əbədiyyət quşuna dönməsi ürəkləri göynətdi, onu tanıyan və tanımayan hər kəsi sızım-sızım sızıldatdı.

Yaxşı ki, Vətən müharibəsindəki Qələbə sevincini o da yaşadı...

Taleyə bax ki, Məhərrəmin minaya düşərək həlak olduğu Kəlbəcər rayonunun Susuzluq kəndi ilə dünyaya gəldiyi Çəmbərək rayonunun Ardanış kəndi arasında cəmi 50 kilometrlik məsafə var. Kimin ağlına gələrdi ki, hər şey belə dövr edəcək. Kimin ağlına gələrdi ki, Məhərrəm bu səfərdən geri dönməyəcək.

Müşfiqabad qəbiristanlığında dəfn olunan İbrahimovlar ailəsinin bir məzarı da artdı.

O gündən Uğurla Turalın dodaqlarında “ata” kəlməsi dondu, qardaşları Əkbər, Əsgər və Ələsgərin arxa-dayağı, bacıları İradə, Fəridə və Azadənin and yeri, həyat yoldaşı Baharın ümid yeri xatirələrə çevrildi.

Xatirələrdə yaşayır Məhərrəm...

Xatirələr isə heç vaxt ölmür - həmişə canlı, təravətli və təsirli olur.

Onu həmişə xatırlayırıq.

***

Mayın 1-də AZƏRTAC-ın əməkdaşları şəhid Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər.

Onunla bir yerdə çalışmış həmkarları, iş yoldaşları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüş şəhid-jurnalist barədə xatirələrini və ürək sözlərini söyləyiblər.

AZƏRTAC-ın əməkdaşları Məhərrəm İbrahimovun məzarı ətrafına gül-çiçək dəstələri qoyublar. Şəhid-jurnalistin uyuduğu torpaq yaz çiçəklərinin ətrinə bürünüb.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top