Ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 06 may 2024, 13:38
Abşeronda 1979-cu il təvəllüdlü Telman ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fərqanəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 27-də baş verib. Telman həmin gün saat 21.00-da ailə üzvləri ilə birlikdə yaşadığı arvadı Fərqanə ilə çörək pulu kartına görə ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edib. O, arvadının üzərinə hücum edərək yumruq ilə onun başın ənsə nahiyəsinə xəsarət yetirib. 

Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Fərqanə ilə 7 ilə yaxındır ər-arvad münasibətində yaşayır və bu münasibətdən 1 azyaşlı övladı, Fərqanənin birinci evliliyindən olan bir oğlan övladı var: “Hadisə günü, təxminən saat 21.00-da birgə yaşadığımız evdə olan zaman çörək pulu kartını verməməsi üstündə evin içərisində aramızda söz mübahisəsi yarandı. Bu zaman Fərqanənin baş nahiyəsi və sol said nahiyəsinə yumruq zərbələri vuraraq xəsarət yetirdim”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Telmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top